Çində təhsil
Çində təhsil — Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Çin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulmuşdu. Belə ki, həmin vaxt imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi.[1] O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər.[1] Bizim eranın 200-cü ilində isə Çin universitetində 3 min tələbə 7 il ərzində ali təhsil alırdı.[2]
Tay Tsunun hökmranlığı dövründə – 627–649-cu illərdə həyata keçirilən əsas dəyişikliklərdən biri imtahan sisteminin geniş miqyasda tətbiq edilməsi idi. Suy imtahanları artıq Kao Tsunun başçılığı altında yenidən qurulmuşdu. O, paytaxtdakı yüksək səviyyəli Suy sistemini canlandırmışdı. Tay Tsunun başçılığı altında məktəblər daha da genişləndirilmiş, yeniləri yaradılmışdır. Tədbirlər öz təhsil kursunda standartlaşdırıldı. Paytaxtda məktəblər yalnız böyük ailələrin və yüksək rütbəli məmurların oğlanları üçün idi. Digər imtahan namizədləri yerli məktəblərdən gəlirdi. İmtahanlar prinsip etibarilə hamı üçün açıq idi, lakin onlar bürokratiyaya daxil olmağa nisbətən az sayda yeni giriş imtahanlarına malik idi. İmtahanlar ənənəvi dərs planında yüksək təhsil səviyyəsi tələb edirdi və geniş qaydada gənc oğlanların və aşağı ailələrin üzvlərinin kübarlığa daxil olmasının alternativ metodu kimi qəbul edilirdi. Bununla yanaşı, fərqli zəmanətlər, imtahan götürənlərin lobbiçiliyi və bəzən imperatorun özünün apardığı söhbət mühüm rol oynayırdı və bunlar geniş yayılmışdı.[2]
Tan dövrlərində imtahan sisteminin başlıca səmərəsi bürokratiyanın yuxarı səviyyələrinə yerli mötəbər nəsillərin üzvlərinin qalxmasına həvəs yaratması idi. Bu, uzun müddət ərzində yuxarı kübarlığın əlində saxladığı siyasi hakimiyyət inhisarının dağılmasına səbəb oldu. Adamların işə götürülməsi imperator və sülalə yanında onların mövqeyindən asılı idi, bu hətta doğumdan irəli gələndən və sosial vəziyyətdən də üstün əhəmiyyətə malik olurdu.[2]
Orta əsrlərdə bu ölkədə təhsil, ibtidai tədris kitabı olan "Üç söz" üzrə heroqlif yazısını öyrənməkdən başlayırdı. İkinci tədris kitabı "Min söz" idi. Hər iki kitab əzbər öyrənilirdi və onların dəfələrlə yenidən üzü köçürülürdü. Onların məzmunu tam mənimsənildikdən sonra, şagird 4 min işarədən ibarət olan çin heroqlif yazısına yiyələnirdi və ənənəvi təhsilinin əsas hissəsinə – Konfutsi kanonunu öyrənməyə başlamalı idi. Lakin obyektiv çətinliklərlə əlaqədar olaraq orta əsrlər dövrünün Çinində təhsil cəmiyyətin yalnız daha imkanlı təbəqələrinin imtiyazı idi.[2] Belə ki, şagirdlərin dövlət imtahanlarına bilavasitə hazırlaşdırılması üçün xüsusi müəllimlər və ali məktəblər mövcud idi. Təhsilin bu mərhələsində dərslərin başlıca məzmunu klassik kitabların öyrənilməsi idi. Yalnız möhkəm biliklərə yiyələndikdən sonra şagirdlər dövlət imtahanlarını verə bilərdilər.[2]
Qəza şəhərində uğurlu imtahandan sonra şagird "syutsay" dərəcəsini alırdı ki, bu ona bəzi ictimai imtiyazlar verirdi. Sonraki dərəcəni – "tczyuyjen"i almaq üçün əyalətin baş şəhərində imtahanı yaxşı vermək lazım idi, bu imtahan isə 2–3 ildən bir təşkil edilirdi. Kim bu dərəcəni alırdısa, o, dövlət idarəçiliyinin yerli aparatında xidmətə girə bilərdi. Yüksək alim dərəcəsi olan "tszinşi"ni almaq üçün imtahanlar paytaxtda keçirilirdi. Burada uğurlu imtahan verənə dövlət idarəçiliyinin mərkəzi aparatına daxil olmaq yolu açılırdı.[2] Təhsilin belə sistemi təbiət elmləri və riyaziyyat sahəsinə aid elmlər üçün heç bir hazırlıq vermirdi. Bu isə elmin vəziyyətinə məhvedici təsir göstərirdi.[2]
Yalnız 1905-ci ildə dövlət imtahanları ləğv edildikdən sonra ölkədə Avropa tipli yeni təhsil sisteminin yaradılmasına başlanıldı. Ölkədə yeni ziyalılar ordusu meydana gəldi. Tsinin son illərində təhsil islahatları və sona çatan hökumət imtahanları ərzində minlərlə gənc adama elmləri – mühəndisliyi, tibbi, qanunu, iqtisadiyyyat elmini, müəllimliyi öyrənməyə imkan vermişdi. Digərləri Avropaya və Birləşmiş Ştatlara yollanırdılar. Onlar vətənə qayıtdıqda mühüm vəzifələr tutur və cəmiyyətdə modernizasiya qüvvələrinə çevrilirdilər. Onların yazıları və öyrəndikləri tələbələrin gəlməkdə olan nəsli üçün güclü təsir rolunu oynadı.[2]
1915–1916-cı illərdə Çində 130 minə yaxın yeni üslublu məktəblərdə 4 milyona yaxın şagird və 200 minə yaxın müəllim var idi. Bu, əsasən şəhər fenomeni idi, kənd həyatı isə buna çətinliklə nail ola bilərdi. Respublikanın birinci onilliyində intellektual inqilab baş verdi. Yeni ziyalıların çoxu Çin mədəniyyətinin və milli etikanın bütün cəhətlərinə tənqidi qaydada yanaşmaqla, onları dəstəkləyirdilər. Onlar Çin institutlarında daha dərin islahatlar aparılmasına can atırdılar.[2]
1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə olunmasında mühüm rol oynayır. Çin Kommunist Partiyasının müəyyən etdiyi geniş təhsil strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi müasirləşdirmə ilə əlaqələndirilib. Partiya təhsil strategiyasının icrasına nəzarət edir, təhsil müəssisələrində işin təşkilini istiqamətləndirir. Bu dövrdə ölkədə ziyalılığa qarşı siyasət də birinci növbədə dəyişildi. 1949-cu ildən sonra, xüsusən Koreya müharibəsinin ilk illəri ərzində Mərkəzi Komitə müəllimlərə və alimlərə yenidən təhsil vermək kimi böyük kampaniyaya başladı. Partiya liderləri intellektualların yolunu açıq şəkildə müzakirə edirdi və bu xətti qəbul etdi ki,
Qoy yüz gül çiçək açsın, yüz fikir məktəbi mübarizə aparsın.[2] |
Nəticədə xalq hakimiyyətinin ilk illərindən təhsil sistemində böyük uğurlar əldə olundu. Ümumtəhsil və ali məktəblər geniş vüsət aldı. XX əsrin 60-cı illərində artıq 40 milyon insanın, əsasən fəhlə və qulluqçuların savadsızlığı aradan qaldırılmışdır. 1964-cü ildə keçirilən ilk siyahıyaalmanın nəticələrinə görə müəyyən edilmişdir ki, ölkədə əhalinin savadsızlıq səviyyəsi 38%-dək azalmışdır. Bu dövr ərzində ölkədə təhsil və maarif sisteminin sürətlə yaxşılaşdırılmasına xidmət edən mühüm qanunlar qəbul edilmişdir.[1]
1966–1969-cü illərdəki "mədəni inqilab" dövründə isə Çində təhsil sistemi faktiki olaraq işləmirdi.[2]
Müasir təhsil sistemi
[redaktə | mənbəni redaktə et]Çində müasir təhsil sistemi hökumətin nəzarəti altındadır.
Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir.
Ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür.[3] İbtidai və orta təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.
2006-cı ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul edib.[3] İcbari təhsil 2 pillədən ibarətdir:
- ibtidai təhsil;
- əsas təhsil.
Bu ölkədə uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.
İcbari təhsil haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür:
- şəhərlər və iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər;
- rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər;
- iqtisadi cəhətdən kasıb ərazilər.
Statistik göstəricilərə görə, 2007-ci ildə Çin Xalq Respublikasında 396.567 ibtidai məktəb, 94.116 orta məktəb və 2.236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır.[3]
2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.[3]
Ölkə üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.[3]
İstedadlı və təlim çətinlikləri olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı. Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır.
Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur.
Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.
Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar. Müəllimlərin təhsili iki istiqamətdə aparılır:
- ilkin müəllim hazırlığı – 4 illik müəllim hazırlığı institutları, o cümlədən adi universitetlər və kolleclər, 3 illik müəllim hazırlığı kollecləri və orta məktəb müəllimlərinin hazırlığı müəssisələrində təşkil olunur;
- ixtisasartırma təhsili – müvafiq institutlar və müəllimlərin ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.
1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 1980-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib.
Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Tsinxua universitetləridir.
Çində təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard ABŞ dollarını ötüb. 1980-ci illərin əvvəllərindən başlayaraq elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.
Ali təhsil pilləsində ümumi xərclərin müəyyən faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil almasını asanlaşdırmaq üçün hökumət səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər, "oxu və işlə" proqramları, aztəminatlı ailələrdən olan tələbələrə əlavə yardımların olunması, təhsil haqqının azaldılması və ya tam aradan qaldırılması, dövlət təqaüdlərinin verilməsi daxildir.
Ölkədə milli azlıqlar üçün təhsil ocaqları da var ki, onlar bir sıra iri şəhərlərin nəzərə çarpan xüsusiyyətinə çevrilmişdir.[2]
Qanunvericilik
[redaktə | mənbəni redaktə et]Çin təhsil sisteminin əsasında ciddi hüquqi baza dayanır ki, buna da qanunvericilik, qanunların yerinə yetirilməsi və qanunların yerinə yetirilməsinə nəzarət kimi sferalar daxildir. Çində təhsilə aid dövlət qanunları ölkənin ali hakimiyyət orqanı olan Ümumçin Xalq Nümayəndələri Məclisi və onun daimi komissiyası tərəfindən qəbul edilir. Hazırda Çində təhsilin hüquqi tərəflərini təşkil edən aşağıdakı 6 qanun mütəşəkkil işləyir[1]:
- "Çin Xalq Respublikasının təhsil haqqında Qanunu";
- "Çin Xalq Respublikasının məcburi təhsil haqqında Qanunu";
- "Çin Xalq Respublikasının ali təhsil haqqında Qanunu";
- "Çin Xalq Respublikasının peşə təhsili haqqında Qanunu";
- "Çin Xalq Respublikasının müəllimlər haqqında Qanunu";
- "Çin Xalq Respublikasının elmi dərəcələr haqqında Əsasnaməsi".
Eyni zamanda ÇXR Dövlət Şurası təhsilə aid olan bir sıra qanunlar işləyib hazırlamış və elan etmişdir ki, onlardan da bəziləri bunlardır[1]:
- "Əlillərin təhsili haqqında Əsasnamə";
- "Tədrisdə uğurlara görə mükafatlandırma haqqında Əsasnamə";
- "Müəllim mandatı haqqında Əsasnamə";
- "Uşaq bağçalrının idarə olunması haqqında Əsasnamə";
- "İctimai əsaslarla təhsil haqqında Əsasnamə".
Təhsilə aid olan bütün bu qanun və əsasnamələr, eləcə də ÇXR Təhsil Nazirliyinin 600-dən artıq inzibati aktı dövlət qanunvericiliyi çərçivəsində dövlət təhsilinə aid kifayət qədər mükəmməl qanun və qaydalar sistemi yaratmışdır. Dövlət təhsilinə aid qanunvericiliyə müvafiq olaraq, əyalətlərin, muxtar rayonların, mərkəz tabelikli şəhərlərin, eləcə də qanunverici fəaliyyət hüququ olan şəhərlərin qanunverici orqanları dövlət təhsili haqqında qanunlarda təsdiq edilmiş əsas prinsiplər bazasında və yerli reallıqlarla uyğun təhsil haqqında lokal xarakterli qanunlar işləyib hazırlayır və nəşr edir.[1]
Məktəbəqədər təhsil
[redaktə | mənbəni redaktə et]Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsil müəssisələrinə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir.
Bağçalar yerli hökumətlər tərəfindən idarə olunsa da, müxtəlif qurumlar, ictimai təşkilatlar və fərdlər də məktəbəqədər təhsil müəssisələri təsis edə bilərlər. Şəhərlərdə və regionlarda bağçalar təhsil şöbələri, hökumət qurumları, müəssisələr, əyalət idarələri və fərdlər tərəfindən idarə olunur. Ucqar əyalətlərdə məktəbəqədər təhsilə ictimaiyyət maddi yardım edir. İqtisadi cəhətdən kasıb ərazilərdə, etnik azlıqların yaşadıqları yerlərdə məktəbəqədər təhsil forması kimi uşaq fəaliyyət mərkəzləri, oyun qrupları, çevik yardım mərkəzləri fəaliyyət göstərir. Belə ərazilərdə 1 və ya 2 illik bağçalar mövsümdən asılı olaraq işləyirlər.
Son illərdə ucqar, iqtisadi cəhətdən kasıb və etnik azlıqların yaşadıqları ərazilərdə məktəbəqədər təhsilin səviyyəsi sürətlə inkişaf etməkdədir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara qayğı tədrislə inteqrasiya edilir. Bu da uşaqların məktəb təhsilinə hazırlanması üçün fiziki, mənəvi, əqli və estetik tərbiyəsinin harmonik şəkildə təmin olunmasına imkan verir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir.
Məktəbəqədər təhsilin idarə olunması işinin səmərəliliyini artırmaq üçün dövlət tərəfindən silsilə qanunlar qəbul edilir. Dövlət, həmçinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin və tərbiyəçilərin ixtisaslaşmasına dair yeni qayda və qanunların həyata keçirilməsinə başlayıb. Hazırda Çində məktəbəqədər təhsil müəssisələri üçün ixtisaslı müəllim hazırlayan 67 məktəb fəaliyyət göstərir.
İbtidai təhsil
[redaktə | mənbəni redaktə et]Çində ibtidai təhsil pilləsi o qədər genişdir ki, çox böyük çətinliklər hesabına bu sahədə müəyyən nailiyyətlər əldə edilib. 1986-cı ildə qəbul edilmiş icbari təhsil haqqında qanunda ibtidai təhsilin milli səviyyədə genişləndirilməsi nəzərdə tutulur. Qeyd etdiyimiz kimi, ölkədə uşaqlar 6 yaşından başlayaraq ibtidai təhsilə cəlb olunurlar.
Əksər əyalətlərdə ibtidai təhsil pilləsi 5 il davam edir. Lakin Pekin, Şanxay və digər böyük şəhərlərdə ibtidai təhsil pilləsi 6 illikdir.
İbtidai təhsil kurikulumuna Çin dili, riyaziyyat, fiziki təhsil, musiqi, təsviri sənət, həyat bilgisi, tarix və coğrafiya fənləri daxildir. Bundan əlavə, siyasi biliklər və etik davranışların tədrisi də kurikulumun bir hissəsini təşkil edir. İngilis dili III sinifdən başlayaraq tədris olunur. IV sinifdən hər semestrdə iki həftə texnologiya tədris olunur. Bunun nəticəsində şagirdlər yaradıcı əmək vasitəsilə müəyyən vərdişlər qazanır, nəzəri bilikləri istehsalatla əlaqələndirirlər.
Tədris qrup halında təşkil olunur ki, bu da şagirdlərin birgə əməkdaşlıq bacarıqlarına yiyələnmələrinə imkan verir. Şagirdlərin cavabdehliyini artırmaq üçün məktəblərə xadimələr təyin edilmir. Məktəbin təmizliyi məhz şagirdlər tərəfindən həyata keçirilir.
Orta təhsil
[redaktə | mənbəni redaktə et]Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir. Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur.
Peşə təhsili
[redaktə | mənbəni redaktə et]Çində peşə təhsili sistemi 130 illik inkişaf tarixinə malikdir.[3] Həyata keçirilmiş köklü peşə təhsili islahatları nəticəsində bu sahədə ciddi inkişaf meyilləri müşahidə olunur. Tətbiq olunmuş yeniliklər sayəsində peşə təhsili müəssisələri təkmilləşib və inkişaf edib. Çində peşə təhsili orta təhsilin aşağı və yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata keçirilir.[3]
Orta təhsilin aşağı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi müvafiq peşə biliklərinə və bacarıqlarına yiyələnmiş işçilər, fəhlələr hazırlamaqdır. Bu pillədə həyata keçirilən peşə təhsili 9 illik icbari təhsilin bir hissəsini təşkil edir.
Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi isə əməli bacarıqlara yiyələnmiş ikinci dərəcəli işçi qüvvəsi hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsili 2 ildən 4 ilə qədər davam edən proqramlara əsaslanır. Bu növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə, bacarıqlı işçi məktəblərində və peşə təmayüllü orta məktəblərdə həyata keçirilir.
İxtisaslaşmış orta məktəblərdə 3 və ya 4 illik proqramlar, bacarıqlı işçi məktəblərində isə 3 illik proqramlar əsasında ikinci dərəcəli işçilər hazırlanır. 3 illik peşə təmayüllü orta məktəblərdə istehsalat, xidmət, texnologiya və idarəetmə sahəsi üzrə ikinci dərəcəli mütəxəssislər yetişdirilir.
Peşə təmayüllü və ixtisaslaşmış orta məktəbləri başa vuranlar öz təhsillərini ali peşə məktəblərində davam etdirə bilərlər. Ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Ali peşə məktəbləri 4 yerə bölünür:
- ali peşə və texnologiya kollecləri;
- ixtisaslaşmış orta məktəblərdə təşkil olunan 5 illik ali peşə məktəbləri;
- ali təhsil və yaşlıların ali təhsili müəssisələrində təşkil olunan ali peşə təhsili;
- təcrübəyönümlü kadrların, yüksək səviyyəli peşəkar və texniki mütəxəssislərin hazırlanması ilə məşğul olan 2–3 illik ali təhsil müəssisələri.
Ali təhsil
[redaktə | mənbəni redaktə et]Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.
Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.
Çində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Elmi tədqiqatlar
[redaktə | mənbəni redaktə et]Çin bir çox texnologiyaların ixtira olunduğu, müasir sivilizasiyanın təməlinin qoyulduğu ölkələrdən biri kimi tanınır. İlk kağız istehsalı, ağac nəqqaşlığı, çevik makina çapı, maqnit, iynəli kompas, barıt, seysmoloji detektor, kibrit, iki funksiyalı porşenli nasos, domna peçi, çuqun istehsalı, asma körpülər, təbii qazın yanacaq kimi istifadəsi, hidravlik çəkic, mexaniki zəncir ötürücüsü, mexaniki kəmər ötürücüsü, pər, qundaqlı ox-yay, artilleriya topu, raket və digər çoxsaylı ixtiralar bunu təsdiq edir.
Ölkə astronomları səma cismlərinin ilkin və dəqiq müşahidələrini aparanlar sırasındadır. Çin riyaziyyatçıları yunan riyaziyyatçılarından bəhrələnərək riyaziyyat elminin inkişafına layiqli töhfələr veriblər.
Bütün bunlara baxmayaraq XVII əsrə qədər Çində elm və texnologiyanın tətbiqi Avropadan geri qalırdı. Yalnız bu dövrdən sonra həyata keçirilmiş islahatlar sayəsində Çin qlobal iqtisadiyyata inteqrasiya etdi, hökumət elm və texnologiyanın inkişafına böyük diqqət göstərməyə başladı.
1960–1970-ci illərdə Çin-Sovet qarşıdurmasından sonra Çin nüvə silahı istehsal etməyə başladı və 1964-cü ildə ilk uğurlu sınaq həyata keçirildi. 1970-ci ildə Çin ilk süni peykini buraxdı. Bununla da Çin müstəqil peykə malik olan beşinci ölkə oldu.
Hazırda Çin elmi-tədqiqat və texnoloji inkişafa ayırdığı büdcənin həcminə görə dünyada ikinci yerdə qərarlaşır. 2006-cı ildə Çin hökuməti elm və texnologiya sahəsinə 136 milyard ABŞ dolları investisiya ayırıb ki, bu da 2005-ci illə müqayisədə 20 faiz çoxdur.
Qərbdə hələ də mübahisəli məsələ kimi nəzərdən keçirilən törəmə hüceyrələrin tədqiqatı və gen terapiyası Çində ən yüksək səviyyədə inkişaf edib. Ölkə üzrə 926.000 tədqiqatçı fəaliyyət göstərir. Bu göstəriciyə görə Çin dünyada ikinci yeri tutur.
Kosmosun fəthi istiqamətində bir çox uğurlara imza atan ölkə kifayət qədər mürəkkəb layihələrə maliyyə vəsaiti ayırır. Ayın Tədqiqi Proqramının bir hissəsi kimi 2007-ci ildə Çin "Çanqe" kosmik gəmisini uğurla orbitə çıxarıb. 2011-ci ilin sentyabr ayında Çinin ilk kosmik stansiya modulu olan "Tianqonq-1" uğurla fəaliyyətə başlayıb.
Ölkədə yarımkeçiricilər, o cümlədən bərpa edilən enerji, hidroelektrik enerji, külək və günəş enerjisi sahəsində funksional kompüter proqramları hazırlanır. Yanacaq enerji stansiyalarında çirklənmənin qarşısını almaq üçün Çin girdə yanacaqlı nüvə reaktorlarından istifadə edən ilk ölkədir. Bu tip reaktorun istifadə edilməsi daha əlverişli və təhlükəsizdir.
2010-cu ildə Çinin Milli Super Kompüter Mərkəzi hazırda dünyanın ən sürətli super kompüterini hazırlamağa nail olub. 2010-cu ildən ölkədə dünyanın ən yaxşı 10 super kompüterlərindən biri olan "Nebula" super kompüterləri də istehsal edilməkdədir.
Beynəlxalq əməkdaşlıq
[redaktə | mənbəni redaktə et]Təhsildə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirən Çin digər ölkələrlə müqayisədə xaricdə təhsil almağa daha çox tələbə göndərir. 1978-ci ildə aparılan islahatlardan sonra 2010-cu ilə qədər 700.000-ə yaxın çinli 103 ölkədə təhsil alıb. Lakin onlardan yalnız 185.000-i təhsillərini başa vurduqdan sonra ölkələrinə qayıdıb.
Çində təhsil alan əcnəbi tələbələrin sayı ildə 20 faiz artır. Rəsmi statistikaya görə, 2007-ci ildə bu ölkədə təhsil alan əcnəbi tələbələrin sayı 195.503 nəfər təşkil edib ki, Dünyanın 188 ölkəsini təmsil edən əcnəbi tələbələr ən çox bu ölkələrdən gəlirlər:
- Cənubi Koreya – 57.504;
- Yaponiya – 18.363;
- ABŞ – 11.784;
- Vyetnam – 7.310;
- İndoneziya – 5.652.
Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı[4] olan Konfutsi İnstitutu xaricdə Çin mədəniyyət və təhsil mərkəzi kimi Çin dilinin yayılması üçün fəaliyyət göstərir.[5]
Çində təhsilin inkişafına bir çox beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO, YUNİSEF, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf proqramı, Dünya Əmək Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı, AİƏT, Dünya Bankı öz töhfələrini verməkdədir. Yalnız Dünya Bankı Çində təhsilin inkişafına 1,5 milyard ABŞ dolları həcmində kredit ayırıb.
Böyük nüfuza malik Pekin və Tsinxua universitetləri mükəmməl tədris və tədqiqat imkanlarına görə beynəlxalq arenada tanınır. Çin diplomların qarşılıqlı tanınması sahəsində 40 ölkə, o cümlədən Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və digər ölkələrlə müqavilələr imzalayıb.
Tənqidlər
[redaktə | mənbəni redaktə et]Çin təhsil sistemi mütəmadi olaraq bir sıra tənqidlərə də məruz qalır. Məsələn, 2013-cü ildə Yaponiyanın baş naziri Şinzo Abe ABŞ-yə səfərindən öncə "The Washington Post" qəzetinə müsahibəsində belə demişdir:
"Çində təhsil sistemi milliyyətçiliyi təbliğ etmək və Yaponiya əleyhinə təbliğat aparmaqla məşğuldur."[6]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Çində ibtidai təhsil alanlar 3,5 min heroqlifi bilməlidirlər.[2] Belə ki, bu ölkədə 500 heroqlifdən az bilənlər savadsız hesab olunur.[1] Savadsızlığın aradan qaldırılması sistemində mənimsənilməsi zəruri olan heroqliflərin rəsmi minimumu kəndlilər üçün 1,5 min, fəhlə və qulluqçular üçün isə 2 min təşkil edir.[1] Ümumilikdə Çin yazısında heroqliflərin sayı 50 mindən çoxdur, ən çox işlənənlər isə 7 minə yaxındır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Çin Xalq Respublikasının təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Çin Xalq Respublikası Təhsil Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 14.10.2011, № 40. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 Еlcan Həbibzadə, Salam, Çin. Arxivləşdirilib 2018-12-21 at the Wayback Machine Bakı: "Azərnəşr", 2007 (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Telman Orucov. Çin — möcüzələr ölkəsi (kitab) Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine (az.)
- ↑ 1 2 3 4 5 6 7 Sevinc Qarayeva. Təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığı: təşəbbüslər və nəticələr Arxivləşdirilib 2022-07-18 at the Wayback Machine. "525-ci qəzet", 16 fevral 2013, səh. 14. anl.az (az.)
- ↑ Sahlins, Marshall. "China U." The Nation. October 29, 2013. 26 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2014.
- ↑ Bakıda Konfutsi İnstitutu açılıb (FOTO) Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine. trend.az, 22.04.2011 (az.)
- ↑ Yaponiya baş naziri Çini tənqid etdi[ölü keçid]. faktxeber.com, 21.02.2013 (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Təhsil Nazirliyinin saytı Arxivləşdirilib 2016-01-03 at the Wayback Machine
- Vocational Training and Employment in China
- Vocational Education in China, UNESCO-UNEVOC
- Education in China, webdossier by Education Worldwide, a portal of the German Education Server
- Rural China Education Foundation
- Center on Chinese Education — Teachers College, Columbia University
- Centre of Research on Education in China Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine, Faculty of Education, The University of Hong Kong
- For China, a Reverse Brain Drain in Science? Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine by Peter N. Spotts, The Christian Science Monitor, May 1, 2009
- "Education," China Digital Times [1]. Annotated aggregation of current Chinese media coverage.
Çində təhsilin statistikası
[redaktə | mənbəni redaktə et]- UN Human Development Report Arxivləşdirilib 2009-02-27 at the Wayback Machine
- Nation Master
- World Bank
- UNESCO Institute of Statistics Arxivləşdirilib 2019-01-07 at the Wayback Machine
- Ministry Of Education Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine
- Education Statistics China — UNICEF
- UNICEF Arxivləşdirilib 2019-02-16 at the Wayback Machine
- Global Education Digest 2003 — Comparing Education Statistics Across the World Arxivləşdirilib 2011-06-10 at the Wayback Machine
- Organisation for Economic Co-operation & Development (OECD) Directorate for Education, Statistics, Data and Indicators
- Education at a glance 2007
- OECD Education Database — provides internationally comparable data on key aspects of education systems. The database covers: enrollments, graduates and new entrants by sex, age and level of education, teaching staff and expenditure.
- Unesco Database Arxivləşdirilib 2001-11-26 at the Wayback Machine — education data from 1970 to 1998 by subject, region, country & year
- World Education Indicators Arxivləşdirilib 2001-11-26 at the Wayback Machine — 16 most commonly used education on education
- UNESCO Education for All movement
- Country Reports: China — source of statistical information