Fəllucə
Şəhər | |
Fəllucə | |
---|---|
ərəb. الفلوجة | |
33°21′ şm. e. 43°47′ ş. u.HGYO | |
Ölkə | İraq |
Mühafəza | [[Anbar]] |
Başçı | İssa Saer əl-Assavi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 43 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 275 128 nəfər (2011) |
Rəsmi dili | Ərəb dili|Ərəb |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 31002 |
Vikianbarda əlaqəli mediafayllar |
Fəllucə (ərəb. الفلوجة) — İraqın Anbar mühafəzasında yerləşən şəhər. Paytaxt Bağdaddan təqribən 57 km qərbdə Fərat çayı üzərində yerləşir. Tez-tez məscidlər şəhəri kimi xatırlanır, belə ki, şəhərin özü və ətraf kəndlərdə 200-ə yaxın məscid tikilib.
1947-ci ildə kiçik şəhər olmasına baxmayaraq, 2011-ci il hesablamalarına görə, əhalisinin sayı 275,128 nəfər olmuşdur.[1]
2014-cü ildə şəhər İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş və əhalinin böyük bir hissəsi şəhəri tərk etmişdir.[2] 23 may 2016-cı ildə İraq hökumət qoşunları şəhəri işğaldan azad etmək üçün əməliyyata başladıqlarını açıqlamış və 26 iyun 2016-cı ildə İraq ordusu şəhəri tam şəkildə işğaldan azad etdiyini açıqlamışdır.[3]
Fəllucə qədim tarixə malik olmasına baxmayaraq, beynəlxalq müstəvidə 1991-ci ildə "Səhrada tufan" döyüş əməliyyatları zamanı, ələlxüsus da 2003–2004-cü illərdə İraq müharibəsi zamanı daha çox tanındı.
Tarix
[redaktə | mənbəni redaktə et]Region bir xeyli minilliklər əvvəldən məskunlaşmış ərazi hesab olunur. Fəlluca şəhəri isə Babil dövründən etibarən məskunlaşmış ərazidir. Şəhərin hazırkı adı süryani dilindəki "Pallqutha" sözündən əmələ gəlmişdir. Fərat çayı şəhəri iki hissəyə ayırdığı üçün şəhərin adı da "bölgü" və ya "kanal tənzimləyicisi" mənasını verir. Klassik müəlliflər şəhəri "Pallakottas" adlandırırdı. Şəhərin Arami dilindəki adı "Pumbedita"dır.[4]
Orta əsrlər
[redaktə | mənbəni redaktə et]Fəllucə bölgəsi qədim Sasanilər dövlətinin Asoristan əyalətinin Anbar şəhərinin yaxınlığında yerləşir. Şəhər Sasanilər dövründə Firuz Şapur və ya Perisapora adı ilə tanınırdı. Anbar şəhərindən 2 km cənubda yerləşən Fəllucə şəhəri orta əsr yəhudi mənbələrində "Nehardea" adlanırdı. Orta əsr yəhudi səyyahı Benyamin Tudela 1164-cü ildə 3000 nəfər yəhudinin yaşadığı "Nehardea" şəhərinə səyahət etmişdir.[5]
Müasir dövr
[redaktə | mənbəni redaktə et]Osmanlı İmperiyası dövründə əsas yol qovşaqlarından biri olmuşdur.
1920-ci ilin payızında Osmanlı dövlətinin süqutundan sonra İraq ərazisi ingilislərin işğalı altına düşdü.
1941-ci ildə İngilis-İraq müharibəsi zamanı ingilis ordusu İraq ordusunu Fəllucə yaxınlığında baş verən döyüşdə məğlubiyyətə uğratmışdır. 1947-ci ildə şəhər əhalisinin sayı təqribən 10 min nəfər idi. İraq müstəqillik əldə etdikdən sonra, neft gəlirləri sayəsində zəngin olan ölkənin əsas şəhərlərindən biri olaraq Fəllucə şəhərinin də əhalisi sürətlə artmağa başladı. Bağdad şəhərindən kənarda yerləşən əsas yolların bir çoxu Fəllucədən keçirdi.
Səddam Hüseynin dövründə rejimin əsas təchizat ərazilərindən biri hesab olunurdu. Şəhər əhalisinin əksər hissəsi işçilərdən və Səddam hökuməti tərəfdarlarından ibarət idi. Şəhərdə yaşayan hökumət işçilərinin əksər hissəsi BƏƏS partiyasının üzvlərindən ibarət olmuşdur. Fəllucə şəhəri Səddam Hüseyn dövründə ağır sənaye mərkəzlərindən birinə çevrilmiş, bir neçə fabrik tikilmiş, onlardan bəziləri isə 1990-cı illərdə BMT Xüsusi Komissiyasının qərarı ilə kimyəvi silah istehsal etdiyi bəhanəsi ilə bağlanmışdır.[6]
Körfəz müharibəsi, 1991
Müharibə ərzində Fəllucə şəhəri mülki insan ölümlərinin ən çox baş verdiyi şəhərlərdən birinə çevrilmişdir. Fərat çayının yaxınlığında yerləşən körpünün bombardman olunması zamanı əksər hissəsi mülki vətəndaşlar olmaqla 200 nəfər həlak olmuşdur. Körfəz müharibəsinin əvvəllərində ilk bombardmanlardan biri də bu şəhərdə baş vermişdir. Britaniya HHQ tərəfindən şəhərin əsas bazarlarından birinə baş tutan hücum zamanı 50–150 arası mülki sakin həyatını itirmiş, daha çox şəxs yaralanmışdır. İkinci hücum zamanı Koalisiya qoşunlarına məxsus təyyarələr lazer başlıqlı bombalardan istifadə edərək şəhərə dörd ədəd aviabomba atmışdır. Onlardan birinin "lazer sistemində baş verən nasazlıq səbəbilə" bomba mülki insanların olduğu bazara düşmüşdür.[7]
İraq müharibəsi
2003-cü ildə ABŞ-nin başçılığı altında koalisiya qüvvələrinin İraqa müdaxilə etməsindən sonra ən az zərər çəkən şəhərlərdən biri Fəllucə şəhəri olmuşdur. Belə ki, koalisiya qüvvələri şəhərə daxil olmazdan bir müddət əvvəl burada müdafiə mövqeyində olan İraq ordusuna məxsus birliklər bütün silah-sursatlarını buraxaraq ərazini tərk etmişdilər. Fəllucə şəhəri, həmçinin BƏƏS partiyası üzvlərinin əsas kurort ərazilərindən biri hesab olunurdu. "Dreamland" adlanan kurort zonası şəhər mərkəzindən cəmi bir neçə km məsafədə yerləşir.[8]
Müharibə zamanı şəhərə dəyən əsas zərər onun işğal olunması zamanı baş vermişdir. Şəhər mərkəzində yerləşən Səddam hökumətinə məxsus binalara, "Dreamland" kurort zonasına və şəhərin yaxınlığında yerləşən hərbi bazalara endirilən zərbələr nəticəsində şəhərdə dağıntılar baş vermişdir. Səddam Hüseynin son qərarlarından biri də şəhərin yaxınlığında yerləşən "Əbu Qərib" həbsxanasındakı məhbusların azadlığa buraxılması olmuşdur.
Yerli qəbilə başçıları tərəfindən şəhərin yeni meri təyin olunan Taha Bidayvi Hamed amerikan meyilli olması ilə fərqlənirdi. 2003-cü ilin aprelində şəhərə daxil olan ABŞ qoşunları burada yerləşən BƏƏS partiyasının baş qərargahını özləri üçün müdafiə mövqeyi müəyyən etmişdilər.
28 aprel 2003-cü ildə işğaldan sonra ABŞ qoşunlarının baş qərargahı kimi istifadə olunan məktəbin yenidən açılmasını tələb edən 200 nəfər mülki şəxs həmin məktəb binasının qarşısında etiraz aksiyası keçirmişdir. Bu zaman ərazidə dislokasiya olunmuş ABŞ ordusunun 82-ci paraşüt diviziyasının bölmələri tərəfindən izdihama doğru atəş açılmış, nəticədə 17 mülki şəxs həlak olmuş, 70 nəfər yaralanmışdır.[9] Amerikan birlikləri izdiham arasından onların yerləşdiyi istiqamətdə atəş açıldığını bildirsə də, yerli iraqlılar bu versiyanı qəbul etmir. Lakin, insan hüquqları izləmə təşkilatı olan "Human Rights Watch"ın bildirdiyinə görə, ABŞ qoşunları silahsız mülki şəxslərə atəş açmışdır. Bu hadisədən iki gün sonra eyni ərazidə ABŞ qoşunları daha 2 nəfər mülki şəxsi öldürmüşdür.
2004-cü ildə ABŞ rəsmilərinin verdiyi məlumata görə, Fəllucədə olan 39 min evin yarısı zədələnmiş, 10 min ev isə tamamilə dağılmışdır. "NBC" telekanalının məlumatına görə, 14 aprel 2005-ci il tarixinə qədər 32,000 dağılmış binadan yalnız 2,500 bina kompensasiya olunmuşdur.[10]
İngiltərənin "Guardian" jurnalının verdiyi məlumata görə, Fəllucədə olan 50 min evdən 36 mini dağılmış, 60 məktəb binası və 65 məscid isə yararsız hala salınmışdır.[11] 2006-cı ilə olan məlumata əsasən, şəhər əhalisinin 2/3 hissəsi öz evlərinə geri qayıtmışdır.[12]
İŞİD tərəfindən işğal olunması və yenidən azad edilməsi
[redaktə | mənbəni redaktə et]2014-cü ilin yanvarında şəhər İŞİD terror qruplaşması (bəzi mənbələrə görə, Əl-Qaidə) tərəfindən işğal olunmuşdur.[2][13][14] Milli İctimai Radionun "Hər şey nəzərə alındı" verilişində çıxış edən Yaxın Şərq regionu üzrə analitik Kirk Souellin açıqlamasına əsasən, şəhərin bir hissəsi terrorçular tərəfindən işğal olunsa da, digər hissəsi müxalif qüvvələrin nəzarəti altında idi.[15] 4 yanvar tarixində İraq ordusu tərəfindən şəhərə hücum təşkil olunmuş, nəticədə yerli rəsmilərin və qəbilə başçılarının məlumatına görə, ən azı səkkiz nəfər həlak olmuşdur. Fəllucədə yerləşən səhiyyə mərkəzinin məlumatına görə isə, elə həmin gün baş verən döyüşlərdə 30 nəfər yaralanmışdır. Bu hücum cəhdinə baxmayaraq, şəhərin böyük bir hissəsi hələ də terrorçuların nəzarəti altında qalmaqda davam edirdi.[16]
2015-ci ilin iyul ayında Anbar bölgəsi uğrunda gedən döyüşlərdən sonra, 2016-cı ilin fevralında İraq ordusu və müttəfiqləri Fəllucə şəhərini mühasirəyə almağa başlamış və 22 may 2016-cı il tarixində şəhərin azad edilməsi əməliyyatına başlamışdır.[17]
İraq ordusu 22 may günü və növbəti günlərdə şəhərətrafı kəndləri azad etmişdir. 1 may tarixinə olan məlumata əsasən, şəhər uğrunda baş tutan döyüşlər zamanı 270 nəfər terrorçu, 35 nəfər İraq ordusu hərbçisi, 40 nəfər mülki vətəndaş həlak olmuşdur.[18]
30 may 2016-cı ildə ordu qüvvələri şəhər mərkəzinə daxil ola bilmiş, lakin şəhərdə hələ də on minlərlə mülki şəxsin qaldığına görə, hücum əməliyyatları müəyyən müddətə dayandırılmışdır.[19] 3 iyun tarixində yenidən başlayan döyüşlər 26 iyunda şəhərin tam şəkildə azad edilməsi ilə başa çatmışdır.[20]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fallujah Once Again Beset by Violence, McClatchy Washington Bureau, 26 noyabr 2006, 2009-09-10 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 5 sentyabr 2017
- ↑ 1 2 "Iraq government loses control of Fallujah: PM Maliki vows "terrorists" will be eliminated after Islamic State of Iraq and Levant takes over town in Anbar province". Al Jazeera. 4 yanvar 2014. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-05.
- ↑ Hassan, Falih; Arango, Tim. "Iraqi Forces Try to Retake Falluja From ISIS". The New York Times. 23 may 2016. 23 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
- ↑ Yarshater, Ehsan; Harold Walter Bailey; Ilya Gershevitch, The Cambridge History of Iran, Cambridge University Press, 1983, 70, ISBN 978-0-521-20092-9
- ↑ Adler, Marcus Nathan, The Itinerary of Benjamin of Tudela, critical text, translation, and commentary, New York City: Phillip Feldheim Inc., 1907, Chap. 34 p.53, 24 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib
- ↑ "25 years since Saddam invasion of Kuwait". 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ Sherry, Virginia, redaktorNeedless Deaths in the Gulf War: Civilian Casualties During the Air Campaign and Violations of the Laws of War, New York: Human Rights Watch, 1991, 2008-10-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 5 sentyabr 2017
- ↑ "Fallujah Global Security". 2004-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ Bouckaert, Peter; Abrahams, Fred, Violent Response: The U.S. Army in al-Falluja, New York=: Human Rights Watch, 16 iyun 2003, 2009-02-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 6 sentyabr 2017
- ↑ Miklaszewski, Jim, Still locked down, Fallujah slow to rebuild, NBC News, 14 aprel 2005, 2005-04-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 6 sentyabr 2017
- ↑ Marqusee, Mike, "A name that lives in infamy", The Guardian, 10 noyabr 2005, səh. 32, 2013-08-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 6 sentyabr 2017
- ↑ IRAQ: Fallujah situation improving slowly, IRIN, 21 mart 2006, 2009-01-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 6 sentyabr 2017
- ↑ Michaels, Jim. "Al-Qaeda militants in Iraq seize much of Fallujah: The fighting is the worst violence since U.S. forces left Iraq at the end of 2011". USA Today. 4 yanvar 2014. 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ "Iraq conflict: Sunni fighters 'control all of Fallujah'". BBC. 4 yanvar 2014. 2017-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
Al-Qaeda-linked militants now control the south of the city, a security source told the BBC. An Iraqi reporter there says tribesmen allied with al-Qaeda hold the rest of Fallujah.
- ↑ Memmont, Mike. "'No One Controls Fallujah,' Which U.S. Soldiers Fought To Free". National Public Radio. 4 yanvar 2013. 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ "Iraq army shells Falluja to dislodge Qaeda, tribes". The Daily Star. 4 yanvar 2014. 2014-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ Iraqi military claims advances in Islamic State-held Fallujah Arxivləşdirilib 2018-02-07 at the Wayback Machine, Washington Post
- ↑ "'Human Catastrophe' Unfolds As Iraqi Army And ISIS Clash Outside Fallujah". Huffington Post. 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ "Battle for Fallujah: Iraqi troops die in ISIL attacks". 2016-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
- ↑ "Iraq claims complete control over Fallujah, Islamic State resistance collapse". News.com.au. 26 iyun 2016. 2016-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.