Abaqa xan
Abaqa xan | |
---|---|
monq. ᠠᠪᠠᠭᠠ ᠬᠠᠨ | |
19 iyun 1265 – 1 aprel 1282 | |
Əvvəlki | Hülakü xan |
Sonrakı | Əhməd Təkudar xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Həmədan |
Fəaliyyəti | suveren[d] |
Atası | Hülakü xan |
Anası | Yisunçin xatun |
Həyat yoldaşları | |
Uşaqları | |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[2][3], Böyük Monqol imperiyası – 1 aprel 1282[4][2][…], Həmədan) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir.[5][6] Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.[7]
Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı. Hülakü ilə evlilik üçün VIII Mixail Paleoloq özünün nigahdan kənar doğulan qızı Mariya Paleologinanı seçdi. Mariya 1265-ci ildə Pantokrator monastırınının abbatı ilə birlikdə Hülakü xanın sarayına göndərildi.[7] Abbatın adı Teodosius de Villehardouin idi.[8] Tarixçi Steven Runciman onun Patriarx Antioxiyalı Euthymiusla birlikdə yola düşdüyünü yazmaqdadır. O, gəlməmişdən əvvəl Hülakü öldüyü üçün Mariya onun oğlu Abaqa xan ilə evləndirildi. Abaqa xan bundan qısa müddət sonra xan elan edildi. Hülakü xanın arvadı Doqquz Xatunun ölümündən sonra (1265) mənəvi rəhbərlik Mariyaya keçdi və o, Dəspinə Xatun adlandırıldı. Atası tərəfindən Mazandaran və Xorasan valisi təyin olunan Abaqa xan 1265-ci ildə atasının ölümündən sonra Azərbaycana, qurultaya qayıtmış və qardaşı Yoşmutla mübarizədən qalib seçilərək elxan elan olunmuşdur. 19 iyunda Ərak şəhəri yaxınlığındakı Duzlu Göl sahilində taxta çıxmışdır. Abaqa xan Elxanilərin paytaxt şəhəri kimi Təbriz şəhərinin olması qərarını verdi. Təbriz monqollarla və türklər üçün iqtisadi baxımdan əlverişli bölgədə yerləşməkdə idi.[9]
Hülakü xanın ölümündən 4 ay sonra xan olan Abaqa növbəti bir neçə ayı canişinləri təyin etməklə və vəzifələri paylamaqla keçirdi.[7]
Abaqa dövrünə aid sikkələrin bəzilərində xristian xaçı təsvir olunub və ərəb dilində “Ata, Oğul və Müqəddəs Ruhun adı ilə, yalnız bir Tanrı” yazısı var.[10]
Hərbi yürüşlər
[redaktə | mənbəni redaktə et]Qızıl Orda ilə
[redaktə | mənbəni redaktə et]Hələ Hülakü xanın dövründən etibarən Elxanilər Qızıl Orda dövləti ilə müharibə vəziyyətində idilər. 1261-ci ildə Qızıl Orda hökmdarı Bərkə Misir Məmlüklərinin hökmdarı Bəybarsla ortaq düşmən olan Elxanilərə qarşı ittifaq formalaşdırmışdılar. İttifaq həm strateji, həm də ticari əhəmiyyətə malik idi. Çünki Məmlüklər Aralıq dənizi vasitəsilə Qızıl Orda ilə yüksək səviyyədə ticari əlaqələrə malik idilər. Buna cavab olaraq Elxanilər də Avropa qüvvələri ilə ittifaq formalaşdırmağa çalışdılar, lakin ancaq Bizans ilə ittidaq qurulması mümkün oldu.[11][12][13][14][15]
Bu Abaqa xanın dövründə də davam etdi və yazda Qızıl Ordanın yeni hücumu meydana çıxdı. Hücumun qismən səbəbi də Qızıl Orda ilə Misir Məmlük dövlətinin ittifaqda olmaları idi. Bu ittifaqa görə Qızıl Orda Elxanilərə hücum edərək onları Məmlük nəzarətində olan indiki Suriya torpaqlarını ələ keçirmələrinə çətinlik yaratmaq istəyirdilər.[7] Düşmənlik 1267-ci ildə Qızıl Orda xanı Bərkənin ölümünə qədər davam etdi. Hadisələrə müdaxilə edən ali xaqan Xubilay vətəndaş müharibəsini durdurmağa çalışdı.[7] Buna görə də, Qızıl Ordanın yeni xanı Münke Teymur Abaqanın hökmü altındakı torpaqlara böyük hücumlar həyata keçirmədi.[16] lakin sonda Münke Teymur Məmlük hökmdarı Bəybarsla ittifaqı yenilədi və gəlinən razılığa görə Hülakülərə hücum etməyi öhdəsinə götürdü.[17] Eyni zamanda Abaqa xanın yanına elçilər göndərən Münke Teymur onu Çağatay hökmdarı Qiyasəddin Baraq üzərində qələbə qazanmaq münasibətilə təbrik etdi.[18] 1270-ci ildə Münke Teymura Abaqa xan tərəfindən Elxani torpaqlarındakı emalatxanalarından vergilər toplamağa icazə verildi. Lakin iki dövlət arasında münasibətlər qalıcı olaraq normallaşmadı və XIV əsrin ortalarına qədər davam etdi.[19]
Çağataylar ilə
[redaktə | mənbəni redaktə et]Ögedeyin nəvəsi Kaydu, Batu xanın nəvəsi Mengü Teymur və Çağatay xanı Baraq ali xaqan olan Xubilaya və Abaqaya qarşı Talas bölgəsində ittifaq formalaşdırdılar. Onlar Kaydunu Orta Asiya hakimi təyin etdilər. Nəticədə Kaydu ilə Xubilay arasında 1268-ci ildə başlanan müharibə əsrin sonuna qədər davam etdi.[20]
1270-ci ildə Baraq xan Elxani tabeliyindəki İranı ələ keçirməyə çalışdı və Herat şəhərinə hücum etdi. Abaqa xan Baraqı məğlub etməyi bacardı, eyni zamanda Barağın qohumu olan Teguderi Gürcüstanda darmadağın etdi. Növbəti il, o, Çağatay xanlığına qsas ordusu göndərdi. Bu ordu Buxara və ətraf bölgələri yağmalayın geri qayıtdı. Eyni zamanda 1280-ci ilə qədər Çağatay hakimlərinin hakimiyyəti altında hökm sürən monqol boylarından olan Qaraunaslarla da bir neçə kiçik münaqişə yaşanmışdı.
İsmaililər ilə
[redaktə | mənbəni redaktə et]Hülakü xanın rəhbərliyində Orta Şərqə yürüş başlayandan monqol-türk orduları ilə İsmaililər arasında gərgin toqquşmalar getməkdə idi. 1253-1256-cı illəri əhatə edən döyüşlər zamanı İsmaililər darmadağın edildi. İsmaililərin mərkəzi hökuməti darmadağın edildi, ismaililər ya öldürüldülər ya da qaçıb canlarını qurtardılar. Hülakü xan tərəfindən hərbi qüvvə olaraq demək olarki ortadan qaldırılan İsmaililərin rəhbəri Xurşah Qəzvinə aparıldı və Qaraqoruma gedib geri dönrkən yolda öldürüldü. Öldürülməsinin səbəbi digər İsmaililəri təslim olmağa razı sala bilməməsi idi. Bundan sonra Çingiz xan yasaları əsas alınaraq İsmaili qırğınları başlanıldı. 100 min İsmailinin öldürülməsi düşünülməkdədir. Sağ qalanOnların çox hissəsi Əfqanıstana, Bədəxşana və Sində mühacirət etdilər. Bundan sonrakı İsmaili tarixi barədə çox az şey bilinməkdədir. Yalnız iki əsrdən sonra fərqli-fərqli İsmaili icmaları bölgədə görünməyə başladı. Suriyadakı İsmaililər Bəhri Məmlükləri tərəfindən tolerantlıqla qarşılandılar və bir neçə qalanı onların ali hakimiyyəti altında idarə etməyə davam etdilər. Məmlüklər də eyni zamanda onlardan öz düşmənlərinə qarşı fədai kimi istifadə edirdilər. Belə hadisələrdən biri 1271-ci ildə səlibçi ingilis şahzadəsi Edvarda qarşı sui-qəsd edilməsi ilə yaşanmışdı.[21][22][23][24]
Lakin İsmaililərin Elxani bölgəsindəki bəzi qalalardakı müqaviməti davam etməkdə idi. Belə qalalara misal olaraq Quhistanda yerləşən Lambsar, Gerdux və başqalarını göstərmək olar. Lambsar 1257-ci ilin yanvarında Elxanilər tərəfindən ələ keçirildi, çünki qalada malyariya xəstəliyi yayılmışdı. Gerdux müqaviməti davam etdirdi. Qalanı mühasirədə saxlayan Elxani ordusu qala ətrafında istehkamlar ucaltdı. Hər iki tərəfdən mancanaqlar üçün istifadə edilmiş daşların qalıqları hələ də bölgədə qalmaqdadır. Abaqa xanın dövründə, 15 dekabr 1270-ci ildə qaladakı qarnizon geyim çatışmazlığına görə təslim oldu. Bu zaman İsmaililərin əsas məntəqəsi olan Ələmut qalasının ələ keçirilməsindən 13 il, qalanın Kit Buğa tərəfindən ilk mühasirəsindən isə 17 il keçməkdə idi. Elxani ordusu təslim olan qarnizon üzvlərini qətlə yetirsələr də, qalanı uçurmadılar. Elə həmin il Cüveyniiyə uğursuz sui-qəsd daha əvvəl onların tamamilə məhv edilməsindən danışan İsmaililərə aid edilir. 1273-cü ildən etibarən Suriyadakı İsmaili qalaları da Bəybars tərəfindən ələ keçirildi.[25][26][27]
1275-ci ildə İsmaililərin rəhbərlərindən biri olmuş Xurşahın oğlunun - eyni zamanda da Türk Bəydili boyundan olan Anuştigin sülaləsindən gəlməkdə idi - komandanlığı altında bir qrup İsmaili Ələmut qalasını yenidən ələ keçirdi. Lakin Abaqa xan elə həmin il qalanı geri qaytardı. Bu dönəmdə Deyləmdə olan bəzi İsmaililər müəyyən mövcudiyyətlərini qorumağa davam edirdilər. Bunlar 1307-ci ildə Olcaytunun Gilana olan yürüşünə qədər öz mövcudiyyətlərini qoruyub saxlaya bildilər. Bu yürüşdə Elxani ordusu qələbə qazansa da, çox ağır itkilər vermişdi. Elxani dövlətində Əbu Səidin ölümündən sonra meydana çıxmış hərc-mərclik zamanı İsmaili hakimlikləri yenidən meydana çıxdı.[28][29][28][30]
Suriyanın işğalı
[redaktə | mənbəni redaktə et]Suriyanın ilk ələ keçirilişi
[redaktə | mənbəni redaktə et]Hələ Hülakü xanın 1258-ci ildə Bağdad ələ keçirilmişdi, xəlifə ailəsindən olan bəzi şahzadələr Misirə və Suriyaya qaçmışdı. Burada Məmlüklərə sığınan Abbası şahzadələri geniş hakimiyyətə sahib deyildilər, yalnız dini işlərlə məşğul idilər. Qahirədəki ilk xəlifə II əl-Müntənsir Bəybars tərəfindən Mesopotamiyaya göndərildi. Ona yardım etmək üçün bədəvilər və suriyalı oxçular verilmişdi. Lakin onlar Hülakü xan tərəfindən darmadağın edildilər. Bundan sonra Elxani vassallığında olan Mosul hakimi Bədrəddinin oğlanları üsyan qaldırdılar və Məmlüklər tərəfə keçdilər. Bu şəhərin Elxanilər tərəfindən dağıdılmasına və 1265-ci ildə üsyanın yatırılmasına yol açdı.
Suriyaya edilən ikinci Elxani hücumu 1271-ci ilin oktyabrında baş verdi. 10 min Elxani döyüşçüsünün və Səlcuqlu oxçularının qatıldığı ordu şimaldan hücum edərək Hələbi ələ keçirdilər. Lakin qısa müddət sonra bu ordu Fərata doğru geri çəkildi. Çünki bu zaman Məmlüklərin hökmdarı Bəybars Misirdən ordu ilə yola çıxmışdı.[31]
Xristian dövlətlərlə münasibətlər
[redaktə | mənbəni redaktə et]Abaqa xan müsəlman Məmlüklərə qarşı mübarizədə Avropanın xristian qüvvələri ilə yaxşı münasibətlər qurmaq istəyən hökmdar idi. O, 1267-ci ildə Roma Papası IV Klementin yazdığı məktuba cavab yazmış, 1268-ci ildə isə ona özü elçi ilə birlikdə məktub göndərmişdir. Abaqa xan Avropa qüvvələri ilə öz qayınatası olan Bizans imperatoru VIII Mixailin qüvvələri arasında ittifaq formalaşdırmağa çalışırdı. Onun yazdığı məktublara Romadan və Araqonlu Ceyms tərəfindən cavablar verilmişdi, lakin bu məktublaşmanın 1269-cu ild Əkkaya Ceyms tərəfindən edilən uğursuz hücumla əlaqəli olub-olmaması bəlli deyildir. Abaqa xan Ceymsə yazdığı məktubda qardaşı Ağayı onlara qatılmaq üçün göndərdiyini və xristian qüvvələri Kilikiyaya çatanda Ağayın onlara qatılacağını bildirmişdi. 1274-cü ildə onun göndərdiyi elçi Roma Papası X Qriqorinin Lyon şəhərində təşkil etdiyi İkinci Şuraya qatılmış, şurada Abaqa xanın adından çıxış edən onun katibi Ryçaldus assambleya iştirakçılarına Abaqa xanın atası Hülakünün də xristianların dostu olduğunu, Abaqa xanın müsəlmanları tamamilə Suriyadan çıxarmaqda qərarlı olduğunu xatırlatmışdır. Lakin nə bu Avropaya göndərilmiş elçilik, nə də 1276 və 1277-ci ildəki elçiliklər ciddi bir nəticə meydana çıxarmadı.[32]
Doqquzuncu Səlib yürüşü zamanı edilən yürüş
[redaktə | mənbəni redaktə et]1260-cı ildə Antioxiyalı VI Bohemond qayınatası olan I Hetum tərəfindən Abaqanın atası Hülakü xanın hakimiyyətini qəbul etməyə inandırıldı. VI Bohemondun bu qərarı ilə Tripoli və Antioxiya Elxani dövlətinin vassal əraziləri oldular. 1268-ci ildə Məmlük hökmdarı Bəybars Antioxiyanı ələ keçirdi[33] və Bohemond Tripolini də ititməmək üçün Bəybarsla razılaşmağa məcbur oldu.[34][35]
Antioxiyanın itirilməsinə cavab olaraq İngiltərə kralı I Edvard 1271-ci ildə Əkkaya gəldi və yeni bir Səlib yürüşü başlatmağa çalışdı. Onun etdikləri hərbi baxımdan uğursuz oldu, lakin Edvard İngiltərəyə yola düşməməişdən əvvəl Bəybarsla sülh imzalamağa nail oldu.
Əkkaya gələn zaman Edvard Abaqa xanın yanına Reginald Rossel, Vauslu Godefroy və Parkerli Condan ibarət nümayəndə heyəti göndərərək hərbi yardım istədi.[36] Bu zaman Abaqa xan Türküstandakı münaqişələrlə məşğul olsa da, Edvardın məktubuna müsbət cavab verdi. Beləliklə, Abaqa xanın məri ilə Anadoludakı işğal ordusu olan 10 min nəfərlik döyüşçü birliyi Anadolu Səlcuqlularının dəstələri iloə birlikdə şimaldan müasir Suriya torpaqlarına daxil oldular. Orduya Samaqar komandanlıq etməkdə idi:
Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Səmaqarı) sizin yardımınıza göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və günlə bağlı açıq razılaşmalar aparmağınızdan əmin olun. — Abaqa xanın I Edvarda məktubu, 4 sentyabr 1271.[37]
Səlcuq oxçuları tərəfindən də dəstəklənmiş Elxani ordusu Hələbin ətrafını yağmaladı. Bölgəyə basqın edən Elxani ordusunun azsaylı olmasına baxmayaraq, Elxani sərkərdəsi Kit Buğanın yürüşünü xatırlayan yerli əhali bölgədən qaçmağa başladı və Qahirəyə qədər uzaqlaşdılar. Edvard, öz növbəsində, monqollarla hərəkətləri əlaqələndirmək və hətta hər hansı bir hərbi qələbə əldə etmək üçün heç vaxt öz qüvvələrini toplaya bilmədi, buna görə də Abaqa xanın qüvvələri sonda geri çəkildi. Nəhayət, Bəybars 12 noyabr 1271-ci ildə əks-hücuma başladığı zaman Elxani ordusu çoxdan Fərat çayını keçmişdi belə.[38]
Əlbistan döyüşü
[redaktə | mənbəni redaktə et]Kösədağ döyüşündə məğlub olması ilə birlikdə monqolların hakimiyyəti altına girən Səlcuqlu dövləti vəziri Pərvanə Muinəddin Məmlük sultanı Baybarsa göndərdiyi məktublarla onu Anadoluya dəvət etmiş, özlərini monqollardan xilas etməsini istəmişdir. Bu çağırışlara qulaq verən Sultan Baybars 25 fevral 1277-ci ildə Qahirədən ayrılaraq 24 mart 1277-ci ildə Şama və sonrasında Hələbə çatdı. 1277 baharında Hələbdən ayrılaraq Anadoluya doğru hərəkətə keçdi.[39]
Sultan Baybars öndərliyindəki Məmlük ordusu Göksu və 12 apreldə Ağça Dərbəndə gəldi. Əmir Şəmsəddin Sunqur komandanlığındakı Məmlük öncü birlikləri 14 apreldə Gəray Noyan komandanlığındakı təxminən 3.000 məfərlik monqol dəstəsini məğlub etdi. Tatavun komandanlığındakı monqol ordusunun Ceyhan çayı üzərində olub, onlara yaxınlaşmaqda olduqları məlumatının gəlməsindən sonra Məmlük sultanı ordusunu Əlbistan ətrafındakı Afşinin şimal-qərbində yerləşən Hununun qərbindəki qayalıqlı dağa çıxardı. Buradan Əlbistan ovasındakı[40] monqollar rahatlıqla görünməkdə idi. Monqollar hər biri min nəfərdən çox olmaqla 11 tabor idi. Monqollar gürcü, erməni və Səlcuqlu dəstəklərini özlərindən ayrı tutmuşdular. Döyüşü başladan Məmlük hücumu oldu. Dağın təpəsindən enən məmlüklar monqol əsgərlərinin üzərinə hücum etdi.[41]
Monqol ordusu bütün gücü ilə Məmlük ordusunun sol tərəfinə hücum etdi və buranı yararaq sağa doğru itələdilər. Bundan sonra Sultan Baybars ən yaxşı əsgərlərinə monqolların ardından dolanmalarını əmr edib, birliklərini döyüşə atdı. Monqolların çoxu qılıncdan keçirildi, qaça bilməyənlər əsir alındı. Səlcuqlu əsgərlərinin bir qismi Məmlük tərəfinə keçdi, bir qismi də könüllü olaraq əsir oldu. Döyüşdə Məmlük ordusunun sayı 14 mindən çox idi,[42] Elxani ordusundan 11-12 min döyüşçü var idi, eyni zamanda Elxani vassalı kimi döyüşdə iştirak edən gürcülərin 3 min nəfər idi. Elxani tərəfdən döyüşdə Anadolu Səlcuqluları da iştirak edirdi.[43] Məğlub olan Elxani ordusu ağır itki verdiyi halda, Məmlük ordusu müqayisədə daha az itki verdi.[44]
1280-1281-ci illər yürüşü
[redaktə | mənbəni redaktə et]Məmlük hökmdarı olan Bəybars 1277-ci ildə vəfat etdi. 1280 və 1281-ci illərdə Suriyaya yeni hücumlara başladı. 1280-ci ilin sentyabrında Elxani ordusu Bağras və Darbaskı ələ keçirdi, 20 oktyabrda da Hələb ələ keçirildi və oradakı məscidlər dağıdıldı.[45] Əkkaya göndərilən Elxani elçiləri səlibçilərə Məmlük dövlətinə qarşı birgə hərbi yürüş həyata keçirməyi təklif etdilər, lakin məmlüklülərlə 10 illik sülh dövründə olan səlibçilər bunu pozmaq istəmədilər. Abaqa xanın təklifini cavablayan Patriarx Vikar şəhərin aclıqdan əziyyət çəkdiyini, Qüds kralının bir başqa müharibə ilə məşğul olduğunu bildirmişdi. Kipr kralı III Hugh və VII Bohemond Elxani hücumundan xəbər tutan kimi öz ordularını səfərbər etsələr də, artıq gec idi, çünki məmlüklülərin ordusu artıq onlarla Elxani ordusunun əlaqəsini kəsmiş, ikisinin arasında mövqelənmişdi.[46]
Abaqa və erməni kralı III Leo frankları yeni səlib yürüşünə başlamağa çağırırdılar, lakin onların çağırışına yalnız Hospitallerlər və İngilstərə kralı I Edvard müsbət cavab verdi.[47] Lakin heç I Edvard da maliyyə çatışmazlığına görə yürüşə başlaya bilmədi. Marqab Hospitallerləri Biqa vadisinə yürüşlər həyata keçirdilər və uğur qazandılar.[48] Bir neçə toqquşmada sultanı məğlub edən Hospitallerlər 1280-ci ilin oktyabrında Krak de Şevalyeyə doğru irəlilədilər və 1281-ci ilin fevralında oranı ələ keçirdilər.[46]
1281-ci ildə qışın yaxınlaşmasına görə Elxani ordusu geri çəkilməyə başladı. Gerri çəkilən zaman Elxani ordusu frank, yəni xristian qüvvələrinə məktub göndərərək növbəti yürüş zamanı 50 min süvarivə 50 min piyada ordu gətirəcəklərini bildirsələr də, bu məktuba cavab tapa bilmədilər.[48]
1281-ci il yürüşü
[redaktə | mənbəni redaktə et]Məmlük dövləti səlibçilərlə 1271-ci ildə başlayan on illik sülhə hörmətlə yanaşdılar. 3 may 1281-ci ildə yeni Məmlük sultanı Əkka baronları ilə, 16 iyul 1281-ci ildə Tripoli hökmdarı Bohemondla daha 10 illik sülh imzaladı.[49]
Əvəlki yürüşdə bəhs edilən yeni Elxani hücumu 1281-ci ilin sentyabrında başladı. Yürüşə III Leoda qatıldı və bu yürüş təxminən sayları 200 nəfərdən ibarət olan Hospitalier cəngavəri tərəfindən də dəstəkləndi. Bu döyüşçülər müsəlmanlarla imzalanmış sülhün onlarla əlaqəli olmadığını iddia edirdilər və Marqab qalasından idilər.[50][51][52]
30 oktyabr 1281-ci ildə 50 minlik Elxani ordusu, 30 minlik ermənidən, gürcüdən, yunandan və Marqabdan olan Hospitalier cəngavərindən ibarət olan ordu İkinci Hums döyüşündə Kalavuna qarşı döyüşdü. 29 oktyabrda iki ordu Hüms şəhərinin cınubunda qarşı-qarşıya gəldi. Döyüş zamanl Elxani ordusu Məmlüklərin sol cinahını məğlub etməyi bacardı, lakin Sultan Qalavun tərəfindən komandanlıq edilən Məmlük ordusunun mərkəzi Elxani ordusunun mərkəzini darmadağın etdi. Münke Teymur yaralandı və qaçdı, bunun ardınca ordu dağılmağa başladı. Lakin Kalavun qaçan ordunu təqib etməməyi seçdi və xüsusən Elxani ordusundakı oxçulardan ibarət xristian qüvvələr rahat geri çəkilə bildilər.[50][53][54]
Ölümü və varisi
[redaktə | mənbəni redaktə et]Abaqa xan 4 aprel 1282-ci ildə Həmədanda vəfat etdi. 1 aprel 1282-ci ildə içki aludəçiliyindən vəfat etmişdir. Şahı adasında dəfn olunmuşdur.[55] Onun ölüm səbəbi alkoqol deliriyası olmuşdur. Bu xəstəliyin ortaya çıxmasının səbəbi çox gümanki digər monqol hökmdarlarına xas olan yüksək miqdarda alkaqol istehla etməkdən qaynaqlanmışdır. Hər bir halda, 1285-ci ildə onun maliyyə vəziri olan Şəmsəddin Cüveyni onu zəhərləyib öldürməkdə ittiham edildi.[5]
Abaqa xanın ölümündən sonra onun dul arvadı Mariya Konstantinopola qaçdı. Lakin atası Bağdadın başına gələnlərin öz paytaxtının da yaşamamasını istədiyi üçün qızını başqa bir monqol xanına ərə vermək istədi. Lakin Mariya bundan imtina etdi və rahibə olaraq 1285-ci ildə İstanbulda yerləşən Qanlı kilsənin əsasını qoydu.
Abaqa xanın yerinə qardaşı Təkudar xan çıxdı. Təkudar ilkin mərhələdə Məmlüklərlə olan münaqişəyə baxmayaraq, İslamı qəbul etdi. Təkudar Abaqanın xristianlarla ittifaq siyasətini dəyişdirərək Məmlük sultanına ittifaq təşkil etdi. Bu zaman Məmlük sultanı Kalavun xristianlar üzərinə hücum etməkdə idi və hücum nəticəsində Marqat qalası 1285-ci ildə, Lattakiya 1287-ci ildə, Tripoli 1289-cu ildə ələ keçirildi.[56] 1284-cü ildə Abaqa xanın oğlu Arqan xan mərkəzi hakimiyyətə qarşı uğurlu üsyan təşkil etdi. Arqun xanın dəstəkçisi ali xaqan olan Xubilay xan idi. Üsyanı davam etdirən Arqun Təkudarı məğlub edib, edam etdirdi. Taxta çıxan Arqun yenidən Abaqa xanın xristianlarla ittifaq siyasətinə geri döndü. Abaqa xanın kiçik oğlu Keyxatu xan 1291-ci ildə taxta çıxmışdır.[57][58][56][59]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Abaqa xanın 16 arvadı və onların çoxundan uşaqları olmuşdur: Hülakü xandan keçmiş arvadla:
- Ölcey Xatun - Münke Teymurun (Hülaküdən olma) anasıdır. Hülakü xanın dul arvadı olmuşdur.
- Tuqtani (və ya Toqiyatay) (ö. 20 fevral 1292) — əvvəl kəniz olmuş, sonradan xatunluğa yüksəlmişdir. Ona Doqquz Xatunun düşərgəsi verilmişdir.
Əsas arvadları:
- Dorji Xatun
- Nukdan Xatun — Tatar tayfasından olmuş, Dorjinin ölümündən sonra onun yerinə keçmişdir.
- Keyxatu
- Eltuzmuş Xatun — Konqırat tayfasından olan Qutluq Teymur Güregenin qızı, Tarağay Güregenin bacısı. Nukdanın ölümündən sonra onun yerinə keçmişdir.
- Padşah Xatun — Kirman hakimi Qütbəddin Məhəmmədin və Qutluq Türkanın qızı. Ona 1272-ci ilin fevralında Yesunçin Xatunun düşərgəsi verilmişdir.
- Mertei Xatun — Tağay Teymurun ögey bacısı. Konqırat tayfasından olmuşdur.
- Buçin Xatun
- Todai Xatun— Konqırat tayfasından idi. Abaqanın ölümündən sonra Təkudarla, ondan sonra da Arqunla evlənmişdir.
- Yul Qutluq Xatun — birinci dəfə Eljidey Quşçu ilə, ikinmci dəfə Əmir Əlbaşmışla evlənmişdir.
- Tağai Xatun — birinci dəfə Qunçuqbalın qardaşı Əhmədlə, ikinci dəfə Doladı İdaçi ilə evlənmişdir.
- Despina Xatun — VIII Mixail Paleoloqun qızı.
- Teodora Ara Qutluq (Bizan yunancası: Θεοδώρα Ἀραχαντλούν)[60]
- Buluğan Xatun (ö. 20 aprel 1286) — Bayat tayfasından olmuşdur.
- Məlikə Xatun — Bayat tayfasından olan Noqay Yarquçunun oğlu Toğanla evlənmişdir.
Kənizləri:
- Buluğaçin Ağaçi
- Qayıtmiş Egaçi — Olqut tayfasından olmuşdur.
- Arqun xan
- Bulujin Egaçi
- Oljath Xatun — ilk dəfə gürcü kralı II Vaxtanqla evlənmiş, ikinci dəfə VIII Davidlə evlənmişdir.
- El Qutluq Xatun — Huşin tayfasından olan Ğurbatay Güregenlə evlənmişdir.[61][62]
- Şirin Egaçi
- Altay Egaçi
- Kavkabi Egaçi
- Toğancuq Xatun (ö. 1291) — Arqun ağanın oğlu Novruz ilə evlənmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 China Biographical Database (ing.).
- ↑ 1 2 Abāqā // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ Abāqā // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
- ↑ Abaqa Khan // https://pantheon.world/profile/person/Abaqa_Khan.
- ↑ 1 2 Jackson, 1983
- ↑ Melville, 1994. səh. 83–98
- ↑ 1 2 3 4 5 Runciman, 1987. səh. 320
- ↑ Van Millingen, 1912. səh. 273
- ↑ Morgan, 2007. səh. 142
- ↑ Roux, 1993. səh. 380
- ↑ Ryley-Smith, 1910. səh. 112
- ↑ Setton, 1969. səh. 529
- ↑ Morgan, 2007. səh. 144
- ↑ Abulafia, 1999. səh. 710
- ↑ Luisetto, 2007. səh. 157
- ↑ Saunders, 2007. səh. 157
- ↑ Amitei, 1995. səh. 157
- ↑ Rashid ad-Din, 2014
- ↑ Morgan və Amitai-Preiss, 2000. səh. 31
- ↑ Biran, (2013. səh. 42-44
- ↑ Willey, 2005. səh. 75–85
- ↑ Amitai, 2004
- ↑ Daftary, 2002. səh. 429
- ↑ Nicolle, 2007. səh. 306
- ↑ Daftary, 2002. səh. 301, 429
- ↑ Bretschneider, 1910. səh. 110
- ↑ Virani, 2007. səh. 32
- ↑ 1 2 Virani, 2003. səh. 351–370
- ↑ Wasserman, 2001. səh. 115
- ↑ Virani, 2007. səh. 32-34
- ↑ Runciman, 1987. səh. 336–337
- ↑ Jackson, 2005. səh. 167–168
- ↑ Maalouf, 1984. səh. 267
- ↑ Maalouf, 1984. səh. 268
- ↑ Runciman, 1987. səh. 325–327
- ↑ Grousset, 1935. səh. 461
- ↑ Amitai-Preiss, 1995. səh. 98
- ↑ Grousset, 1935. səh. 653
- ↑ İbrahim GÜNEŞ. "MEMLÛK SULTANI I.BAYBARS'IN 1277 YILINDAKİ ANADOLU SEFERİ" (PDF). Firat Universitesi. 29 iyun 2016. 22 iyun 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 dekabr 2022.
- ↑ "Döyüşün baş verdiyi yerin xəritəsi".
- ↑ "Archived copy". 2007-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-04.
- ↑ Waterson, 2007. səh. 164
- ↑ Mikaberidze, 2011. səh. 25
- ↑ Amitai-Preiss, 1995. səh. 174
- ↑ Burns, 2016. səh. 179
- ↑ 1 2 Richard, 1996. səh. 465–466
- ↑ Runciman, 1987. səh. 387
- ↑ 1 2 Runciman, 1987. səh. 390
- ↑ Grousset, 1935. səh. 688
- ↑ 1 2 Runciman, 1987. səh. 391-392
- ↑ Grousset, 1935. səh. 687
- ↑ Maalouf, 1984. səh. 253
- ↑ Richard, 1996. səh. 453
- ↑ Amitai-Preiss, 1995. səh. 179–225
- ↑ "Abaqa xan — Encyclopedia Iranica". 2011-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.
- ↑ 1 2 Tyerman, 2006. səh. 817
- ↑ Jackson-Laufer, 1999. səh. 319
- ↑ Lambton, 1988
- ↑ "Padishah Khatun (Safwat al-Din Khatun)". www.womeninworldhistory.com. 2011. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2022.
- ↑ Shukurov, 2016. səh. 84
- ↑ Brack, 2006. səh. 245–247
- ↑ Lane, 2011. səh. 331–359
SƏLƏF Hülakü xan |
Abaqa xan Elxanilər |
XƏLƏF Əhməd Təkudar xan |
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Christopher P. Atwood. The Encyclopedia of Mongolia and the Mongol Empire. Facts on File, Inc. 2004. ISBN 0-8160-4671-9.
- Reuven Amitai-Preiss. Mongols and Mamluks: The Mamluk-Īlkhānid War, 1260-1281. New York: Cambridge University Press. 2000. ISBN 0-521-46226-6.
- Jean-Paul Roux , Histoire de l'Empire Mongol, Fayard, ISBN 2-213-03164-9. Histoire de l'Empire Mongol. FAYARD. 1993. ISBN 2-213-03164-9.
- Jean Richard. Histoire des Croisades. Fayard. 1996. ISBN 2-213-59787-1.
- Steven Runciman. A History of the Crusades. Penguin Books. 1987. ISBN 978-0-14-013705-7.
- Christopher Tyerman. God's War: A New History of the Crusades. Cambridge, Massachusetts: Harvard University Press. 2006. ISBN 0-674-02387-0.
- David Morgan. The Mongols. Blackwell Publishing. 2007. ISBN 978-1-4051-3539-9.
- David Abulafia. The New Cambridge Medieval History. Cambridge University Press. ISBN 0-521-36291-1.
- Frédéric Luisetto. Arméniens & autres Chrétiens d'Orient sous la domination Mongole. Librairie Orientaliste Paul Geuthner S.A. 2007. ISBN 9782705337919.
- Rashid al-Din Hamadani. Rashid al-Din's History of the World. 2014.
- J. J. Saunders. The History of the Mongol Conquests. University of Pennsylvania Press. 2007.
- Kenneth Meyer Setton. A History of the Crusades. III. 1969.
- REUVEN AMITAI. IL-KHANIDS i. DYNASTIC HISTORY. iranicaonline.org. 2004.
- Peter Willey. Eagle's Nest: Ismaili Castles in Iran and Syria. Bloomsbury Academic. 2005. ISBN 978-1-85043-464-1.
- Farhad Daftary. The Isma'ilis: Their History and Doctrines. Cambridge University Press. 1992. ISBN 978-0-521-42974-0.
- David Nicolle. Crusader Warfare: Muslims, Mongols and the struggle against the Crusades. Hambledon Continuum. 2007. ISBN 978-1-84725-146-6.
- E. Bretschneider. Mediæval Researches from Eastern Asiatic Sources. 1910.
- Farhad Daftary. The Isma'ilis: Their History and Doctrines. Cambridge University Press. 2007. ISBN 978-1-139-46578-6.
- Shafique N. Virani. The Ismailis in the Middle Ages: A History of Survival, a Search for Salvation. US: Oxford University Press. ISBN 978-0-19-531173-0.
- James Wasserman. The Templars and the Assassins: The Militia of Heaven. Simon and Schuster. 2001. ISBN 978-1-59477-873-5.
- Shafique N. Virani. The Eagle Returns: Evidence of Continued Isma?ili Activity at Alamut and in the South Caspian Region Following the Mongol Conquests. Journal of the American Oriental Society. 2003. 351–370.
- René Grousset. Histoire des Croisades III, 1188-1291. Editions Perrin. 1935. ISBN 2-262-02569-X.
- Amin Maalouf. The Crusades Through Arab Eyes. New York: Schocken Books. 1984. ISBN 0-8052-0898-4.
- Ross Burns. Aleppo, A History. Routledge. 2016. ISBN 9780415737210.
- Guida M. Jackson-Laufer. Women rulers throughout the ages : an illustrated guide by J (Guida Myrl). Santa Barbara, California: ABC-CLIO.
- Ann K. S. Lambton. Continuity and Change in Medieval Persia: Aspects of Administrative, Economic, and Social History, 11th-14th Century. 1999. SUNY Press. 1988. ISBN 9780887061332.
- Peter Jackson. ABAQA. iranicaonline.org. 1983.
- Charles Melville. The Chinese-Uighur Animal Calendar in Persian Historiography of the Mongol Period. 1994. 83–98. ISBN 0578-6967.
- Peter Jackson. The Mongols and the West: 1221-1410. Routledge. 2005.
- Rustam Shukurov. The Byzantine Turks, 1204-1461. Leiden. 2016. ISBN 978-90-04-30775-9.
- Yoni Brack. A Mongol Princess Making hajj: The Biography of El Qutlugh Daughter of Abagha Ilkhan (r. 1265–82). London: Journal of the Royal Asiatic Society. 2011. 331–359.
- Alexander Mikaberidze. Battle of Elbistan // In Mikaberidze, Alexander (ed.). Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. I. ABC-CLIO. 2011.
- James Waterson. The Knights of Islam: The Wars of the Mamluks. Greenhill Books. 2007. ISBN 978-1-85367-734-2.
- Michal Biran. Qaidu and the Rise of the Independent Mongol State In Central Asia. Routledge. 2013. ISBN 978-1136800375.
- Van Millingen. Byzantine churches in Constantinople. 191.