Çjan-Tyanşi
Çjan-Tyanşi (çin. 張道陵; azərb. "səmavi rəhbər Çjan") — Çin daosist və sonrakı xalq mifologiyasında başmaq və şeytanların ağası[1]. O, bir sıra dərmanlar kəşf etmiş, rəhbərliyin işlərinə təsir etmiş və əhalini maarifləndirmişdir.
Çjan-Tyanşi və Çjun Kuyun funksiyaları oxşar olduğundan, onların təsvirləri və atributları çox vaxt qarışdırılırdı[1].
Surəti
[redaktə | mənbəni redaktə et]Çjan-Tyanşinin bioqrafiyası haqqında dəqiq məlumatlar olmasa da, mifik surətinin əsasını eramızın III əsrində yaşamış daosist kilsəsinin başçısı Çjan Daolin haqqındakı təsəvvürlər təşkil edir. Erkən xronikalarda onun təsiri o qədər böyük görünmür. Amma məlumdur ki, V əsrdə ona və onun birbaşa nəsillərinə "tyanşi" (azərb. "səmavi rəhbər") fəxri titulu verilmişdir[1].
Çjan Daolin uşaqlıq dövründə zəif olsa da, öyrənməyə həsr olunmuş bir gənclik dövrü yaşamışdır.
Rəvayətə görə, Çjan Daolin ölkəni səyahətə çıxarkən Szyansi əyalətinin Sinyansyan qəzasındakı dağlara çatmışdır. Bundan sonra o, burada ölməzlik həbinin hazırlanması ilə məşğul olmuşdur. Həb hazır olduqdan sonra onu qəbul etmişdir. O zaman Çjan Daolinin 60 yaşı olmasına baxmayaraq o, cavan oğlana çevrilmişdir; eyni zamanda o, magiya haqqında məxfi əsərləri əldə etmiş, qazandığı qüvvə ilə cin və qulyabanıları qova bilmişdir. Həmçinin çevrilmə ovsununun sirlərinə yiyələnmişdir. Bundan sonra Çjan Daolin övladları və nəvələri üçün magiyaya aid əsərləri, ovsunlamaları, möhür və ecazkar qılıncı qoyaraq səmaya qalxmışdır. Digər bir versiyaya görə isə, o, həbin yarısını qəbul edərək Yerdə ölməz olmuşdur[1].
Çjan-Tyanşinin adından əsrlər boyu bəd əməllərə, cin və şeytanlara qarşı verilən fərmanlar bütün ölkəyə yayılırdı. Çində xüsusi ehtiram göstərilən əcdadların məzarlarına zərər verə biləcək heyvanların hakimi də Çjan-Tyanşi hesab edilirdi. Çjan-Tyanşinin digər "peşəsi" isə əqrəb, ilan, zəhərli hörümçək və başqa bu kimi heyvanlarla mübarizə aparmaq idi. Hesab edilirdi ki, Çjan-Tyanşinin əmri ilə şər qüvvələri məhv edən 5 ildırım ona tabedir, buna görə də rəsm əsərlərində Çjan-Tyanşinin ətrafında həmin ildırımların rəmzləri olan 5 od püskürən təbil təsvir olunurdu[1]. O, bəzən də bir pələng üzərinə minmiş formada təsvir olunurdu.
Nəvələri
[redaktə | mənbəni redaktə et]Onun nəvələri bu günə qədər "tyanşi" ünvanını saxlamışlar. Həmin titul çin dilində belə qeyd olunur: 正一嗣教眞人.[2][3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 120. ISBN 978-9952-441-11-6.
- ↑ H.S. Brunnert; V.V. Hagelstrom. Present Day Political Organization of China. Routledge. 15 April 2013. 494–. ISBN 978-1-135-79795-9. 19 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2017.
- ↑ "Archived copy". April 25, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 17, 2016.
- ↑ https://archive.org/stream/presentdaypoliti00brun#page/494/mode/2up
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Торчинов Е. А. Даосизм. Опыт историко-религиоведческого описания. СПб., 1993
- Е. А. Торчинов. Даосизм. С-П. 1999.
- Гэ Хун. Баопу-цзы. Перевод Е. А. Торчинова. ISBN/5/85803/140/4.
- Volker Olles: Spuren des Himmelsmeisters; Zur Rolle von Zhang Daoling in der frühen daoistischen Religion. Münster: LIT 1998 ISBN 3-8258-3771-8