Brian-Kelloq paktı
Brian- Kelloq paktı | |
---|---|
| |
İmzalanma tarixi | 27 avqust 1928 |
İmzalanma yeri | Paris, Fransa |
Qüvvəyə minməsi | 24 iyul 1929 |
İmzalayanlar | Aristid Brian |
Tərəflər |
Avstraliya |
Dili | İngilis, Fransız |
Vikianbarda əlaqəli mediafayllar |
Brian-Kelloq paktı — 1928-ci il avqustun 27-də Parisdə Milli siyasətdə müharibələrdən imtina edilməsi barədə Fransa xarici işlər naziri A.Brianın təşəbbüsü ilə imzalanan pakt [1]
Haqqında
[redaktə | mənbəni redaktə et]1920-ci illərdə dövlətlərarası münasibətlərdə müharibələrdən imtina edilməsi məsələsi daha da aktual oldu. Fransanın xarici işlər naziri Aristid Brian ABŞ-nin birinci dünya müharibəsinə qoşulmasının 10 illiyi ilə əlaqədar olaraq 1927-ci il aprelin 6-da söylədiyi nitqində Fransanın ABŞ-yə dost münasibətini bildirərək bu ölkə ilə istənilən qarşılıqlı öhdəlik götürmək və müharibəni qanundankənar etmək haqqında saziş bağlamaq təklifini irəli sürdü. İyunun 20-də Brian ABŞ-nin Parisdəki səfirinə Əbədi dostluq haqqında Fransa-Amerika müqaviləsinin layihəsini təqdim etdi. Fransa bundan istifadə edərək iqtisadi mövqelərini gücləndirmək, frankın alıcılıq qabiliyyətini sabitləşdirmək, ABŞ-yə olan borclarının ödənilməsi məsələlərini tənzimləmək və Avropada hərbi-siyasi vəziyyətini möhkəmləndimıək istəyirdi. Fransa diplomatiyasının bu təklifi Birləşmiş Ştatlarda müsbət qarşılandı. Lakin amerikan diplomatiyası ondan dərhal öz daxili və xarici siyasət məqsədləri üçün bacarıqla istifadə etdi.[2] Dekabrın 28-də ABŞ dövlət katibi Kelloq yalnız Fransa ilə müvafiq müqavilənin bağlanmasını mümkünsüz sayaraq onun bütün başlıca dövlətlərlə imzalanmasını təklif etdi. Fransanın ikitərəfli müqavilə imzalamaq əvəzinə ABŞ-nin çoxtərəfli müqavilə bağlamaq təklifi Parisdə narazılıqla qarşılansa da fransızlar ondan imtina edə bilmədilər. ABŞ hökuməti 1928-ci il iyunun 23-də Lokarno sazişlərini imzalayan tərəflərə və Britaniya dominionlarına milli siyasətdə müharibədən imtina etmək haqqında müqavilənin mətnini göndərdi. Bu mətn dövlətlər tərəfindən bəyənildi. İyulun 12-də Almaniya, 14-də Fransa, 15-də İtaliya, 17- də Polşa, 18-də Belçika və Böyük Britaniya, 20-də isə Yaponiya və Çexoslovakiya həmin pakta qoşuldu. Paktın imzalanması mərasimi avqustun 27-də Parisdə keçirildi. Mərasimdə Böyük Britaniya, Belçika, Almaniya, İtaliya, Polşa, Fransa, Çexoslovakiya və Yaponiya nümayəndələri iştirak edirdi. Pakt 3 maddədən ibarət idi:
- Tərəflər qarşılıqlı münasibətlərində mübahisə və müharibələrdən imtina edirdilər.[3]
- Mübahisələri və münaqişələri dinc yollarla həll etməli idilər.
- Bu pakt bütün dövlətlər üçün açıq elan edilirdi.[4]
1929-cu ilin əvvəllərində Brian-Kelloq paktına 44 dövlət qoşuldu. Pakt 1929-cu il iyulun 24-də qüvvəyə mindi. Paktın imzalanmasının böyük tarixi əhəmiyyəti var idi. Onu imzalayan dövlətlər qarşılıqlı münasibətlərdə müharibələrdən imtina etmək, bütün mübahisələri dinc vasitələrlə həll etmək öhdəliyi götürdülər. Bu isə Avropada müharibə təhlükəsini müvəqqəti də olsa arxa plana keçirir və dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığa kömək edirdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qasımlı, Musa. Avropa və Amerika ölkələrinin müasir tarixi. Bakı: "Adiloğlu" nəşriyyat. 2008.
- ↑ Mustafayeva, Səmayə. AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN ƏN YENİ TARİXİ. Bakı: ADPU-nun nəşriyyatı. 2011.
- ↑ Текст договора Arxivləşdirilib 2018-02-04 at the Wayback Machine (rus.)
- ↑ Декларация о присоединении СССР к договору (с текстом договора) Arxivləşdirilib 2010-12-13 at the Wayback Machine (rus.)