Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. – Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Ata. sözü). Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar. İ.Hüseynov. _ Yara almaq – yaralanmaq. Yara vurmaq – 1) yaralamaq; 2) məc. qəlbini incitmək, qəlbə toxunan söz demək, tənə vurmaq. Yarası tərsləşmək – yarası şiddət etmək, sağalmamaq. // Hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.
Məcazi məna: Dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. Ürək yarası. – [Rəsul:] Sənəm yarım mərhəm eylər yaraya; Şəhri-Tiflis dedikləri budumu? “Aşıq Qərib”. [Xədicə:] Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? N.Nərimanov. Qəlbinin vardı dərin bir yarası; Gecə-gündüz su deyib inlərdi. M.Müşfiq.
Məcazi məna: Cəmiyyətdə olan mənfi hadisələr haqqında. Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir. // məc. Vurulan ziyan, zərər, təxribat haqqında. ◊ Yara bağlamaq məc. – imdada çatmaq, kömək etmək, yardıma qoşmaq. Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. Yarasına toxunmaq – birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq. Qoca bu cavabdan çobanın yarasına toxunmuş olduğunu bildi. M.Rzaquluzadə. Yarasını təzələmək – birinin dərdini yadına salıb pərişan etmək, dərdini təzələmək.