Xudat

Xaçmaz rayonunda şəhər

XudatAzərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. Belə ki, rayonun Xudat şəhəri, Müqtədir qəsəbəsi, Nabran, Yalama, Qusarçay, Ləcət və Susayqışlaq kənd sovetləri Xaçmaza, Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi QubaQusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır.[2]

Xudat
41°38′02″ şm. e. 48°40′38″ ş. u.HGYO
Ölkə
Region Xaçmaz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 16 900 [1] nəfər
Rəsmi dili Azərbaycan dili
Xudat xəritədə
Xudat
Xudat
Xudat xəritədə
Xudat
Xudat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oykonim türk dilindəki xod/xud (tərəvəz) və at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır.[3]

1920-ci ilin 28 aprelində Xudat Bakını işğal etməyə gedən Qızıl ordu tərəfindən tutulmuşdur. Bu stansiyada Bakıya doğru yol alan 4 zirehli qatar ilə bunu Bakıdan qarşılamağa gələn 2 zirehli qatar arasında artilleriya döyüşü olmuşdur.

Coğrafi mövqeyi və sosial infrastrukturu

redaktə

Xudat Bakıdan 184 km məsafədə yerləşir. Yarandığı gündən iki böyük məhəlləyə bölünüb: yuxarı məhəllə və aşağı məhəllə. Bu iki məhəlləni dəmiryol xətti ayırır. Xudatda poçt şöbəsi, poliklinika, mədəniyyət evi, musiqi məktəbi və şəhər kitabxanası fəaliyyət göstərir. Xudatda dörd tam orta və bir ümumi orta məktəb fəaliyyət göstərir. Xudat avtovağzalından hər gün Bakı, Xaçmaz, Quba, Qusar, Nabran, Yalama istiqamətlərində avtobuslar fəaliyyət göstərir. XX əsrin əvvəllərində (1900-1903-cü illər) tikilmiş Xudat dəmiryol stansiyası və Su qülləsi indi də texniki cəhətdən işləkdirlər.

Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan parkda uzun illər baxımsız qaldıqdan sonra, nəhayət, 2022-ci ildə təmir işləri başlamış və 2023-cü ilin 13 iyununda açılış mərasimi keçirilmişdir.[4]

Şəhərdə 2020-ci ilin sentyabr ayından “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən aqrokompleksin tikintisinə başlanılmışdır.[5] Aqrokompleks 12 hektar əraziyə malik olmaqla idxal-ixrac əməliyyatlarının "Bir pəncərə" prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış aqroklasterdir. Şəhərdə yeganə bank filialı da məhz bu aqrokompleksin ərazisində fəaliyyat göstərir.

Son 3 ildə 30-a yaxın küçəyə asfalt örtüyü çəkilmiş, əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə 3 yerdə artezian quyusu istifadəyə verilmiş, 2200 metr uzunluğunda içməli su xətti çəkilmişdir.[6]

Tarixi abidələri

redaktə

Xudat torpağında çoxlu içməli su ehtiyatları var. 1917-ci ildə istismara verilmiş və hələ də Bakının içməli su ilə təmin edilməsində mühüm rol oynayan məşhur Şollar su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. “Şahdağ”ın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan onu kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur. İndiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan “Bakı-Şollar” xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. Kəmərin çəkilməsinin çox maraqlı tarixçəsi var. XIX əsrin ikinci yarısından sürətlə böyüməyə başlayan kapitalist Bakının əhalisi su sarıdan çox əziyyət çəkirdi. Su qıtlığı müxtəlif epidemik xəstəliklər yaradırdı. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Bakı milyonçusu, xeyriyyəçi – messenat Hacı Zeynalabdin Tağıyev Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş məşhur ingilis mühəndis Vilyam Lindleyi Frankfurt Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Lindley bol şirin su mənbələri olan indiki Xaçmaz ərazisinə qədər gəlir. Şollar kəndində quyu qazdırır və Şahdağın qarı və buzlaqları ilə qidalanan keyfiyyətli suyun mənbəyini kəşf edir. Uzun sürən mübahisə və müzakirələrdən sonra 1904-cü ildə tikilməyə başlayan kəmərin inşaatı 1916-cı ildə tamamlanır. Deyilənlərə görə, şəhərə ilk dəfə su verilən gün, Bakı camaatı sevincindən qoyun, dəvə, öküz qurban kəsib, məhəllələrdə ehsan məclisləri verib. Xudatda, geniş meşəlik ərazidə yerləşən “Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur. Buraya giriş qadağandır.

Xudatda Təpəyatağı adlanan qədim qəbiristanlıq mövcuddur. 1964-cü ildə burada aşkar olunan və Kür-Araz mədəniyyəti tipli qulpları olan böyük təsərrüfat küpü 1977-ci ildə Arxеologiya fonduna daimi mühafizə üçün təhvil vеrilmişdir. Təpəyatağı təsərrüfat küpü еkspozisiyanın ilk tunc dövrü bölməsində nümayiş еtdirilir.

Coğrafiyası və iqlimi

redaktə

Xudat Samur-Dəvəçi ovalığında yerləşir. İqlimi qışı mülayim keçən yarımsəhra quru-çöl iqlimidir. Amma şirin yeraltı suların səthə yaxın yerləşməsi burada intrazonal düzən meşə-çəmən landşaftını formalaşdırmışdır. Burada yeni yaradılan Samur-Yalama milli parkı məhz bu unikal meşə landşaftını və fauna tərkibini qoruyur. Xudatda yağıntılar başlıca olaraq ilin soyuq dövründə düşür, yay nisbətən quraq keçir. Yağıntıların orta illik miqdarı 350 mm təşkil edir, mümkün buxarlanma isə 730–800 mm arasında dəyişir.

Əhalisi

redaktə
Xudat şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[7] Nisbəti, 1970 sa.[7]
toplam 8.808 100 %
azərbaycanlı 3.970 45.1 %
ləzgi 2.734 31 %
rusukraynalı 1.137 12.9 %
kürd 588 6.7 %
erməni 57 0.6 %
yəhudi 40 0.5 %
tatar 20 0.2 %
avar 6 0.1 %
gürcü 6 0.1 %
tat 3 0.1 %
digər 247 2.8%

Dövlət Statistika Komitəsinin təqdim etdiyi 2023-cü ilin əvvəlinə olan göstəricilərə görə Xudat şəhərinin əhalisinin sayı 8016 nəfər kişi, 8132 nəfər qadın olmaqla, cəmi 16148 nəfər hesablanmışdır.[8]

Əhalinin siyahıya alınması
İl 1959 1970 1979 1989 1999 2009 2019
Əhali7.068[9]8.808[10]9.755[11]10.894[12]12.958[13]15.437[14]16.800[15]
±%—    +24.6%+10.8%+11.7%+18.9%+19.1%+8.8%
Qeyd: 2019-cu ilin göstəricisi yuvarlaqlaşdırılıb.
Mənbə: Pop-stat.mashke.org Dövlət Statistika Komitəsi

Əhalisinin əsas hissəsi azərbaycanlılardır. Burada həmçinin ləzgilər, tatlar, kürdlər, qrızlar, buduqlular, talışlar, qaraçılar və digər xalqlar da yaşayır.

Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 1993-1995-ci illərdə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin köməkliyi ilə inşa edilib. Məscid 2001-ci ildən yarasız vəziyyətdədir.[16]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  3. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 251.
  4. "Xudat şəhərində Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub". İstifadə tarixi: 2023-12-05.
  5. "Azərbaycanda nəhəng aqropark - "FOODCİTY AGROPARK" fəaliyyətə başlayır". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  6. "Xudat şəhəri yeni görkəm alır". İstifadə tarixi: 2023-12-05.
  7. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine
  8. "Azərbaycanın regionları, 2023". İstifadə tarixi: 2023-12-05.
  9. SSRİ əhalisinin siyahıya alınması (1959)
  10. SSRİ əhalisinin siyahıya alınması (1970)
  11. SSRİ əhalisinin siyahıya alınması (1979)
  12. SSRİ əhalisinin siyahıya alınması (1989)
  13. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (1999)
  14. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (2009)
  15. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması (2019)
  16. "Görün Cümə məscidi nə hala qalıb - FOTO". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.